Ermənistan Azərbaycana başqa yol qoymayıb - Müharibə başlayır?! - VİDEO

21-09-2020, 20:07

Ermənistan Azərbaycana başqa yol qoymayıb - Müharibə başlayır?! - VİDEO
"Nə qədər ki, torpaqlar işğal altındadır açıq toqquşmanın baş vermə ehtimalı 100 faizdir".

Bu sözləri BAKU.WS-ə Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib. 


Onun sözlərinə görə, son günlər müharibəni sürətləndirə biləcək hadisələr baş verir və bu da Ermənistan və onun havadarları tərəfindən həyata keçirilir: "Bu, açıq şəkildə görünür. İşğal olunmuş ərazilərə Livan və Suriyadan muzdlular gətirilir. Beyrutdakı son partlayışdan sonra əllərinə bəhanə də düşüb ki, Livan ermənilərini bölgəyə gətirsinlər. Özləri rəsmən elan edirlər ki, minlərlə ermənini artıq gətiriblər.

Amma çox təəssüflər olsun ki, rəsmi Moskva bunu iki ailə kimi qələmə verir. Rusiya XİN rəsmisi Mariya Zaxarova ötən həftənin cümə günü deyib ki, "bizdə olan məlumata görə, ora iki ailə gedib". Rusiya Ermənistana beləcə şans verir ki, rəsmi İrəvan öz təxribat və həyasızlığını davam etdirsin.
Bildiyiniz kimi, dünən Ermənistanın havaya qaldırdığı pilotsuz uçuş aparatı Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən məhv edilib. Bu gün isə çox təəssüf ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub".
Üzeyir Cəfərov əlavə edib ki, bu dəqiqə mövcud vəziyyət və hər şey açıq döyüşlərə tərəf gedir: "Ermənistan artıq Azərbaycana hər hansı başqa yol qoymayıb. Azərbaycan prezidenti də bunu iki gün öncə bir daha bəyan etdi ki, Ermənistan müharibəni qaçılmaz edir, danışıqlar prosesini faktiki olaraq dayandırır. Bu məsələdə Ermənistan daha çox öz havadarlarına arxalanır.
Cəbhənin digər istiqamətində təxribat zamanı erməni zabiti ələ keçirilmişdi. Ermənistan ordusunun ələ keçən baş leytenantı etiraf etdi ki, həqiqətən də ona müxtəlif istiqamətlərdə təxribatla bağlı tapşırıq verilib. Üstündən bir az keçməmiş Tovuz istiqamətində təxribatların davam etməsi və bugünkü hadisə onu göstərir ki, vəziyyət həddindən artıq gərgindir.
Azərbaycan ordusu baş verənləri sadəcə seyr etmir. Müdafiə Nazirliyinin gərgin vəziyyətin yaranması ilə bağlı bəyanatı da onu göstərir ki, hər an ciddi toqquşmaların baş verməsi mümkündür. Hesab edirəm ki, Azərbaycan bütün bu baş verənləri cavabsız qoymayacaq və lazım olan tədbirlər həyata keçiriləcək.
Nə qədər ki, torpaqlar işğal altındadır, açıq toqquşmanın baş vermə ehtimalı 100 faizdir. Lakin bunun nə vaxt baş verə biləcəyini heç kim deyə bilməz. Bununla bağlı qərar ölkə rəhbərliyi səviyyəsində qəbul olunur və icraçı strukturlar, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti məsələni həll edəcəklər. Bu qədər güc, silah-sursatın qarşısında yalnız və yalnız ərazilərimizi düşmən tapdağından azad etməliyik. Bu proses başlayan zaman itkisiz ötüşməyəcək. Nə qədər ağır səslənsə də, bizim itkilərimiz qaçılmazdır, biz buna hazır olmalıyıq. Azərbaycan mümkün olan hər şeyi edəcək ki, düşməni cəzalandırmaq, ram etmək istiqamətində müsbət nəticə əldə etsin". 



Digər Xəbərlər: